Azərbaycan Metrologiya İnstitutunun əməkdaşları Qazaxıstanda Metrologiya Şurasının toplantısına qatılıb
11.02.2022İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) nümayəndə heyəti İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) 11-ci Şura toplantısında iştirak edib. Qazaxıstanın Almatı şəhərində keçirilən toplantıya 35 ölkədən nümayəndələr qatılıb.
Toplantıda halal sənayenin inkişafı kontekstində texniki və metroloji tənzimləmələrin əhəmiyyəti, eləcə də Orta Asiya regionunda halal infrastrukturu üzrə auditorların hazırlanması kimi prioritet məsələlər müzakirə olunub.
Bildirilib ki, hazırda halal sənaye qlobal iqtisadiyyatın ən dinamik inkişaf edən istiqamətlərindən biridir. Qida məhsulları ilə yanaşı, bu sektor əczaçılıq, kosmetika, tekstil və digər sahələri də əhatə edir. Halal standartlara uyğun məhsulların istehsalı İslam ölkələri ilə qarşılıqlı ticarət əlaqələrinin genişlənməsinə, beynəlxalq bazarlarda mövqelərin möhkəmlənməsinə və ticarət maneələrinin azalmasına töhfə verir.
Qeyd edək ki, Azərbaycan Respublikasında “İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) Əsasnaməsi”nin təsdiq edilməsi haqqında Qanun artıq qəbul olunub. Bu sənəd ölkəmizin SMIIC ilə əməkdaşlığını daha da möhkəmləndirəcək və halal sənaye üzrə beynəlxalq standartların tətbiqində iştirakını genişləndirəcək.
Göstərilən platformalarda paylaş: