AzMİ-də dövlət sıxlıq kəmiyyət vahidi etalonlarının beynəlxalq izlənilməsi təmin olunub
14.08.2026Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Fiziki-kimyəvi ölçmələr laboratoriyasında dövlət ilkin sıxlıq kəmiyyət vahidi etalonu (DMA 5000 M tipli sıxlıqölçən) və dövlət sıxlıq kəmiyyət vahidi etalonunun (DMA 4500 M tipli sıxlıqölçən) kalibrlənməsi işləri uğurla başa çatdırılıb.
Kalibrlənmə işləri Alman Akkreditasiya Qurumu (DAkkS) tərəfindən ISO/IEC 17025 standartı üzrə akkreditə olunmuş və Almaniyanın Milli Metrologiya İnstitutu (PTB) vasitəsilə metroloji izləniləbilənliyi təmin edilmiş “ZMK&ANALYTIK GmbH” laboratoriyasının müxtəlif sıxlıq diapazonlarını əhatə edən standart nümunələrindən – RF 10 (izooktan), RF 50 (dimetilamin), RF 300 (distillə edilmiş su), RF 400 (2,4-dixlortoluol) və RF 500 (tetraxloretilen) istifadə edilməklə həyata keçirilib.
Bu kalibrlənmə prosesi nəticəsində dövlət sıxlıq kəmiyyət vahidi etalonlarının 0,650–1,840 g/cm³ diapazonunda olan ölçmə imkanlarının beynəlxalq metroloji izlənilməsi təmin olunub.
Məlumat üçün bildirək ki, sözügedən dövlət etalonları vasitəsilə neft və neft məhsullarının keyfiyyətinə nəzarət, eləcə də kimya və neft-kimya sənayesi, əczaçılıq, qida sənayesi, elmi-tədqiqat işləri və digər sahələrdə sıxlıq ölçmələri yüksək dəqiqliklə və etibarlı şəkildə həyata keçirilir.
Göstərilən platformalarda paylaş: