AzMİ əməkdaşının elmi-tədqiqat məqaləsi beynəlxalq jurnalda dərc olunub
07.04.2026Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Fotometriya və radiometriya ölçmələri laboratoriyasının əməkdaşı Qədəm Əhədovun müəllifi olduğu “The Effect of Operating Current and Color Temperature Variation of Tungsten Filament Lamps on Photometric Measurements” (Volfram közərmə telli lampaların işləmə cərəyanı və rəng temperaturu variasiyalarının fotometrik ölçmələrə təsiri) adlı elmi-tədqiqat məqaləsi “Measuring Equipment and Metrology” beynəlxalq jurnalında dərc olunub.
Məqalədə AzMİ-nin Fotometriya və radiometriya ölçmələri laboratoriyasında mövcud olan etalonlardan istifadə edilməklə volfram filamentli lampaların işləmə cərəyanı və rəng temperaturunun dəyişməsinin fotometrik ölçmələrə təsiri tədqiq edilib. Aparılan araşdırmalar zamanı işıq şiddəti ölçmələrində yaranan sapmalar təhlil olunub, həmçinin bu təsirlərin kompensasiyası üçün empirik düzəliş yanaşmaları irəli sürülüb.
Qeyd edək ki, tədqiqatın nəticələri fotometriya sahəsində kalibrlənmə proseslərinin dəqiqliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir və praktiki tətbiq imkanlarına malikdir.
Qeyd: Metrologiya sahəsində aparılan elmi tədqiqatların dərc olunduğu “Measuring Equipment and Metrology” jurnalı Ukraynanın Lvov Politexnik Milli Universiteti tərəfindən nəşr olunur. Jurnal ölçmə vasitələrinin dəqiqliyi, kalibrlənmə metodları və ölçmə nəticələrinin etibarlılığının təmin olunması kimi istiqamətləri əhatə edir və metrologiya üzrə fəaliyyət göstərən mütəxəssislər, tədqiqatçılar və mühəndislər üçün nəzərdə tutulub.
Göstərilən platformalarda paylaş: