AzMİ əməkdaşları TÜBİTAK UME-də vaxt və tezlik ölçmələri üzrə keçirilən təlimdə iştirak ediblər
11.03.2026Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Vaxt, tezlik və mikrodalğa ölçmələri laboratoriyasının əməkdaşları Türkiyə Elmi və Texnoloji Araşdırma Şurasının Milli Metrologiya İnstitutunda (TÜBİTAK UME) vaxt və tezlik ölçmələri sahəsi üzrə təşkil olunan təlimdə iştirak ediblər.
Təlim çərçivəsində faza səs-küyünün (phase noise) ölçülməsi və bu ölçmələri həyata keçirən sistemlərin kalibrlənməsi metodologiyası izah edilib, faza səs-küyünün tezlik standartlarının və osilatorların sabitliyinin qiymətləndirilməsində rolu, səs-küy spektrinin analizi və ölçmə nəticələrinin qeyri-müəyyənliyinin hesablanması prinsipləri barədə ətraflı məlumat verilib.
Praktiki məşğələlər zamanı faza səs-küy ölçmə sistemlərinin kalibrlənməsi prosedurları nümayiş etdirilib. Bu proses çərçivəsində referens tezlik mənbələrinin istifadəsi, ölçmə sisteminin daxili səs-küy səviyyəsinin qiymətləndirilməsi, ölçmə zəncirində yaranan əlavə təsirlərin kompensasiyası və nəticələrin dəqiqliyinin təmin edilməsi üsulları tətbiq olunub.
Məlumat üçün bildirək ki, sözügedən kalibrlənmə prosesində ABŞ Milli Standartlar və Texnologiya İnstitutunun (National Institute of Standards and Technology – NIST) istinad standartlarından istifadə edilib. Aparılan ölçmələrin nəticələri müvafiq istinad standartlarının mənsub olduğu laboratoriyanın nəticələri ilə müqayisə edilərək eyniləşdirilib.
Təlim zamanı faza səs-küy ölçmələrinin telekommunikasiya sistemləri, radar texnologiyaları, peyk rabitəsi, zaman və tezlik paylama sistemləri kimi sahələrdə əhəmiyyəti də vurğulanıb.
Göstərilən platformalarda paylaş: