AzMİ-nin Dalğa uzunluğu ölçmələri laboratoriyası beynəlxalq tutuşdurmaya qoşulub
20.02.2026Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Dalğa uzunluğu ölçmələri laboratoriyası Milli Metrologiya İnstitutlarının Avropa Assosiasiyası (EURAMET) çərçivəsində təşkil olunan əsas tutuşdurmaya qoşulub.
Tutuşdurmada AzMİ ilə yanaşı, Birləşmiş Krallıq, Bolqarıstan, Danimarka, İspaniya, İsveç, Macarıstan, Misir, Norveç, Polşa, Portuqaliya, Şri-Lanka, Tayland, Türkiyə, Ukrayna, Xorvatiya və Yunanıstanın milli metrologiya institutları iştirak edir. 2023–2027-ci illəri əhatə edən layihə çərçivəsində ölçmələr AzMİ-nin Dalğa uzunluğu ölçmələri laboratoriyasının əməkdaşları Məhəmməd Ağayev və Aslanbəy Qardaşov tərəfindən həyata keçirilir.
Məlumat üçün bildirək ki, sözügedən tutuşdurma 500 mm-ə qədər olan sonluqlu uzunluq ölçmə nümunələrinin orta nöqtəsinin interferometrik üsulla ölçülməsini əhatə edir. Tutuşdurma Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun (BIPM) Əsas tutuşdurmaların məlumat bazasında (KCDB) “EURAMET.L-K1.n01” nömrəsi ilə dərc olunub.
Qeyd edək ki, tutuşdurmanın yekununda nəticələr ekspertizadan keçiriləcək və əldə olunan göstəricilər əsasında laboratoriyaların ölçmə və kalibrlənmə imkanları KCDB-də dərc olunacaq. Bu isə onların beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verəcək.
Göstərilən platformalarda paylaş: