AzMİ-nin Sərtlik ölçmələri laboratoriyası beynəlxalq tutuşdurmaya qoşulub
13.08.2026Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Sərtlik ölçmələri laboratoriyası Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı (COOMET) çərçivəsində beynəlxalq tutuşdurmaya qoşulub.
"Kütlə və əlaqəli kəmiyyətlər" tematik sahəsi üzrə həyata keçirilən tutuşdurmada AzMİ ilə yanaşı, Belarus Dövlət Metrologiya İnstitutu (BelGIM), Çin Xalq Respublikasının Milli Metrologiya İnstitutu (NIM), Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutu (KazStandart) və Ümumrusiya Fizika-Texnika və Radiotexniki Ölçmələr Elmi-Tədqiqat İnstitutu (VNIIFTRI) iştirak edir.
Tutuşdurma çərçivəsində Brinell sərtlik şkalaları (HBW 1/10, HBW 1/30, HBW 2,5/62,5 və HBW 2,5/187,5) üzrə dövlət ilkin sərtlik etalonlarının dolayı tutuşdurulması həyata keçiriləcək. Ölçmələr 38 HBW-dan 650 HBW-a qədər diapazonda etalon sərtlik standart bloku üzərində aparılacaq.
Qeyd edək ki, tutuşdurmanın nəticələrinə əsasən iştirakçı qurumların kalibrlənmə və ölçmə imkanları (CMC) beynəlxalq səviyyədə təsdiqlənəcək.
Göstərilən platformalarda paylaş: