AzMİ nümayəndə heyəti Özbəkistan Respublikasına işgüzar səfər edib
11.10.2024Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun nümayəndə heyəti Özbəkistan Respublikasının Daşkənd şəhərinə işgüzar səfər edib. Səfər çərçivəsində heyət Özbəkistan Milli Metrologiya İnstitutunda (UzNIM) təşkil olunan Avrasiya ölkələrinin Milli Metrologiya Qurumlarının Regional Əməkdaşlığı Təşkilatının (COOMET) T.K.1.6 "Kütlə və onunla əlaqəli kəmiyyətlər" üzrə Texniki Komitəsinin 28-ci iclasında iştirak edib.
Hibrid formada keçirilən iclasda Azərbaycanla yanaşı Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, Belarus, Slovakiya, Bosniya, Gürcüstan, Tacikistan və Kuba Milli Metrologiya İnstitutlarının nümayəndələrinin iştirakı təmin olunub.
Tədbir zamanı COOMET-in əvvəlki iclaslarında qəbul edilən qərarlar, bitən və davam edən laboratoriyalararası tutuşdurmalar, habelə kütlə və onunla əlaqəli kəmiyyətlər sahəsində ilkin istinad ölçmələri və metodlarının hazırlanması məsələləri müzakirə edilib. Daha sonra iştirakçılar tərəfindən kütlə və onunla əlaqəli kəmiyyətlər mövzusunda təqdimatlar nümayiş olunub.
Səfər çərçivəsində Özbəkistan Millli Metrologiya İnstitutunun (UzNIM) nümayəndələri ilə də görüş keçirilib. Görüşdə UzNIM və AzMİ arasında təsdiq edilmiş “Yol xəritəsi”nin həyata keçirilməsi üçün müvafiq istiqamətlər üzrə yeni əməkdaşlıqların qurulması və birgə tədbirlərin həyata keçirilməsi, o cümlədən kütlə və onunla əlaqəli kəmiyyətlər üzrə ikitərəfli tutuşdurmaların təşkili müzakirə edilib.
Görüşün sonunda AzMİ əməkdaşları UzNIM-in etalon parkı, kalibrlənmə, yoxlanılma və səyyar laboratoriyaları ilə əyani tanış olublar. Onlara laboratoriyaların fəaliyyət istiqamətləri, eləcə də maddi-texniki bazası barədə ətraflı məlumat verilib.
Göstərilən platformalarda paylaş: