“Caspian Energy Club” üzvlərinin Azərbaycan Metrologiya İnstitutuna işgüzar səfəri təşkil edilib
27.02.2026“Caspian Energy Club” tərəfindən həyata keçirilən “Grand CEO Tour” layihəsi çərçivəsində klub üzvlərinin Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutuna (AzMİ) işgüzar səfəri təşkil edilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən AzMİ-nin baş direktoru Xamis Seyranov metrologiyanın biznes subyektləri üçün əhəmiyyətindən bəhs edib. Bildirib ki, dəqiq və izləniləbilən ölçmələr müəssisələrə xammal sərfiyyatını optimallaşdırmağa, istehsal proseslərində itkiləri minimuma endirməyə və məhsulun texniki göstəricilərinin sabitliyini təmin etməyə imkan yaradır. Həmçinin qeyd olunub ki, metroloji xidmətlərdən istifadə beynəlxalq ticarətdə texniki maneələrin aradan qaldırılmasına xidmət edir, dövri yoxlamadan keçmiş ölçmə vasitələri isə məhsulların beynəlxalq normativ tələblərə uyğunluğunu təmin etməklə ixrac potensialının genişləndirilməsinə və sertifikatlaşdırma proseslərinin sürətləndirilməsinə şərait yaradır.
Daha sonra “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev çıxış edəərk klubun əsas prioritetlərinin üzvlər üçün praktiki fayda verən təşəbbüslərin reallaşdırılması, onların yerli və beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılması və ölkə iqtisadiyyatının inkişafına töhfə verilməsi olduğunu bildirib. O, “Grand CEO Tour” layihəsi çərçivəsində gələcəkdə də iri dövlət və sənaye qurumlarına işgüzar səfərlərin təşkilinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Tədbirdə AzMİ-nin fəaliyyət istiqamətləri, laboratoriya infrastrukturu, yoxlanılma, kalibrlənmə və sınaq imkanları, metroloji xidmətlər, eləcə də bu xidmətlərin biznes subyektləri üçün yaratdığı üstünlüklər barədə təqdimat nümayiş etdirilib.
Görüş zamanı qarşılıqlı maraq doğuran əməkdaşlıq imkanları müzakirə edilib, AzMİ ilə “Caspian Energy Club”a üzv şirkətlər arasında gələcək işgüzar əlaqələrin qurulması istiqamətində fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində klub üzvləri AzMİ-nin müasir cihazlarla təchiz olunmuş laboratoriyaları ilə tanış olub, sözügedən laboratoriyaların ölçmə, kalibrlənmə və sınaq imkanları, tətbiq edilən metodologiyalar və beynəlxalq standartlara uyğun prosedurlar barədə məlumatlandırılıblar.
Qeyd edək ki, Azərbaycan Metrologiya İnstitutu ölkədə ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlət tənzimlənməsini həyata keçirən əsas qurumlardan biridir və metroloji xidmətlərin göstərilməsi üzrə müasir texniki imkanlara malikdir.
Göstərilən platformalarda paylaş: