KİV nümayəndələri üçün media-tur təşkil edilib
16.12.2021İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) laboratoriyalarına media-tur təşkil olunub. Tur çərçivəsində Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinə institutun fəaliyyəti və laboratoriya imkanları barədə ətraflı məlumat verilib.
Media nümayəndələri əvvəlcə AzMİ-nin Kalibrlənmə laboratoriyası ilə tanış olublar. Bildirilib ki, institutun əsas fəaliyyət istiqamətlərindən biri dövlət kəmiyyət vahidi etalonlarının əldə olunması, saxlanılması və ötürülməsinin təmin edilməsidir. Laboratoriyada hazırda 40-dan çox dövlət kəmiyyət vahidi etalonları saxlanılır. Bu etalonlar temperatur, kütlə, elektrik, vaxt və tezlik, təzyiq, ionlaşdırıcı şüalanma, sıxlıq və özlülük kimi sahələrdə istifadə olunur.
Məlumata görə, 2024-cü il ərzində Azərbaycan Metrologiya İnstitutu tərəfindən 3217 təsərrüfat subyektinə xidmət göstərilib. Bu dövr ərzində 1.652.000-dən çox ölçmə vasitəsi və sınaq avadanlığı yoxlanılıb, 528 ədəd dövlət kəmiyyət və kəmiyyət vahidi etalonları kalibrlənib. Eyni zamanda, daxil olan müraciətlər əsasında 223 ölçmə vasitəsinin tipi təsdiqlənərək dövlət reyestrinə daxil edilib, 43 nəfər isə ixtisasartırma kurslarını müvəffəqiyyətlə başa vuraraq müvafiq sertifikatla təmin olunub.
AzMİ həmçinin beynəlxalq metrologiya təşkilatlarında da ölkəmizi təmsil edir. Belə ki, İnstitut Ölçülər və Çəkilər üzrə Beynəlxalq Konfransa (CIPM) assosiativ üzv, Beynəlxalq Qanunverici Metrologiya Təşkilatına (OIML) isə müxbir üzv statusunda üzv olaraq iştirak edir. Hazırda COOMET – Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının da həqiqi üzvüdür.
Bu beynəlxalq əməkdaşlığın nəticəsi olaraq, AzMİ ISO/IEC 17025 beynəlxalq standartının tələblərinə uyğun fəaliyyət göstərdiyini təsdiq edən QSF-R53 nömrəli “Tanınma haqqında şəhadətnamə” ilə təltif olunub.
Tədbirin sonunda media nümayəndələrinin sualları cavablandırılıb və institutun gələcək planları haqqında da qısa məlumat verilib.
Göstərilən platformalarda paylaş: