Slovakiyanın metrologiya, standartlar və akkreditasiya qurumlarının nümayəndələri AzMİ laboratoriyaları ilə tanış olublar
04.10.2024Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) “Slovakiya Standartlaşdırma, Metrologiya Sınaq Qurumu” (UNMS SR) və “Slovakiya Milli Akkreditasiya Xidməti”nin (SNAS) nümayəndələri ilə görüş keçirilib.
Görüş çərçivəsində AzMİ-nin fəaliyyət istiqamətləri, İnstitutun müvafiq laboratoriyalarında saxlanılan və tətbiq edilən dövlət kəmiyyət vahidləri etalonlarından bəhs edilib. Bundan əlavə, qarşı tərəflə metrologiya, standartlaşdırma, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahələrində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
Həmçinin görüş zamanı kəmiyyət vahidləri sahəsində sertifikatlaşdırılmış istinad materiallarının hazırlanması, laboratoriyalararası əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ölçmə avadanlıqlarının 2014/32/AB direktivinə uyğunlaşdırılması, ISO 17034:2016 və ISO/IEC 17043:2023 standartlarının tətbiq edilməsi üçün ilkin sazişin imzalanmasına dair fikir mübadiləsi aparılıb.
Görüşdən sonra UNMS SR və SNAS-ın nümayəndələri AzMİ-nin kütlə, temperatur, təzyiq və ionlaşdırıcı şüalanma sahələri üzrə etalon laboratoriyaları ilə tanış olublar. Qonaqlar laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatlandırılıblar.
Göstərilən platformalarda paylaş: