AzMİ əməkdaşları TÜBİTAK UME-də təcrübə keçiblər
03.02.2025Azərbaycan Metrologiya İnstitutu (AzMİ) ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME) arasında imzalanmış Anlaşma Memoranduna əsasən həyata keçirilən nəzəri-praktiki təlimlər davam etdirilir.
Bu çərçivədə növbəti təlim AzMİ-nin Fiziki-kimyəvi və optiki-fizika ölçmələri sınaq və yoxlanılma laboratoriyasının əməkdaşları üçün təşkil olunub. Təlim çərçivəsində iştirakçılar optik ölçmələrlə bağlı nəzəri və praktiki biliklər əldə ediblər. Onlar uzun və qısa mastar blok interferometrləri, mastar blok ölçmələri üçün qeyri-müəyyənliyin hesablanması, o cümlədən He-Ne/I₂ 633 nm və RbD₂ 780 nm lazerlərinin ölçülməsi mövzularında məlumatlanıblar.
Daha sonra AzMİ əməkdaşları təlim zamanı əldə etdikləri nəzəri bilikləri TÜBİTAK UME-nin Dalğa uzunluğu laboratoriyasında tətbiq edərək bir sıra ölçmə proseslərini icra ediblər.
Qeyd edək ki, bu təlimlər əməkdaşların nəzəri biliklərinin praktiki istifadəsini gücləndirmək, həmçinin beynəlxalq təcrübənin mənimsənilməsi məqsədilə həyata keçirilir.
Göstərilən platformalarda paylaş: