AzMİ nümayəndələri beynəlxalq elmi konfransda və təcrübə mübadiləsində iştirak ediblər
19.09.2024Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) nümayəndə heyəti Rusiya Federasiyasına işgüzar səfər edib. Səfər çərçivəsində heyət Yekaterinburq şəhərində keçirilən “Ölçmələrdə və texnologiyalarda standart nümunələr” mövzusunda VI beynəlxalq elmi konfransda iştirak edib.
Hibrid formatda təşkil olunan konfransda standart nümunələrin istehsalı, xüsusiyyətləri və tətbiqi, iqtisadiyyatın müxtəlif sahələrində ölçmələrin əhəmiyyəti, eləcə də beynəlxalq səviyyədə laboratoriyalararası müqayisəli sınaqların keçirilməsi üzrə aktual məsələlər müzakirə edilib.
Səfər zamanı, həmçinin AzMİ nümayəndələrinin Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) TK 1.12 "Standart nümunələr" Texniki komitəsinin 29-cu, MDB ölkələrinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının (МГС) Metrologiya Elmi-Texniki Komissiyasının laboratoriyalararası müqayisəli sınaqlar üzrə İşçi qrupunun 15-ci və Standart nümunələr üzrə İşçi qrupun 14-cü iclaslarında iştirakı təmin olunub.
İclaslar çərçivəsində standart nümunələrin hazırlanması və tətbiqi sahəsində metroloji fəaliyyətin cari vəziyyəti, bu istiqamətdə laboratoriyalararası tutuşdurulmalar və beynəlxalq əməkdaşlıq, standart nümunələr üçün hazırlanan COOMET sənədi haqqında məlumat verilib. Həmçinin sahə üzrə COOMET tərəfindən praktiki təlimlərin keçirilməsi müzakirə edilib.
Bundan əlavə, iclaslar zamanı AzMİ nümayəndələri tərəfindən son illərdə Azərbaycanda təkmilləşdirilən metroloji infrastruktur, yeni ölçmə imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr, o cümlədən İnstitutun etalon bazası, ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi laboratoriyaları barədə məlumat verilib.
İşgüzar səfər AzMİ-də standart nümunələrin hazırlanması üzrə laboratoriyanın qurulması məqsədilə Ural Elmi-Tədqiqat Metrologiya İnstitutunda görüşlərlə davam etdirilib. Tərəflər bu sahədə elmi-texniki əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsi, qarşılıqlı metodoloji yardımın göstərilməsi və yüksək ixtisaslı mütəxəssislərin cəlb olunması istiqamətində əməkdaşlıq perspektivləri ətrafında qarşılıqlı fikir mübadiləsi aparıblar.
Göstərilən platformalarda paylaş: